Hansı hallarda?
- Serebral iflic. Spastiklik, barmaq ucunda və ya bükük dizlə yeriş, tez-tez yıxılma. Botulinum toksini ilə fizioterapiyanın birgə tətbiqi.
- Motor inkişaf geriliyi. Başını saxlamaqda, oturmaqda, iməkləməkdə və yeriməkdə gecikmə.
- Doğuş zamanı bazu kələfinin zədələnməsi. Körpənin bir qolunu qaldıra bilməməsi, çiyin və dirsəkdə hərəkət azlığı.
- Tortikolis (əyriboyunluq). Başın daim bir tərəfə əyilməsi. O cümlədən əməliyyatdan sonrakı reabilitasiya.
- Nevromuskulyar xəstəliklər. Məsələn, spinal əzələ atrofiyası (SMA) zamanı reabilitasiya dəstəyi.
- Kəskin xəstəliklərdən sonra bərpa. Ensefalit, Guillain-Barré sindromu.
- Skolioz, kifoz, yastıpəncəlik və yeriş pozğunluqları. Məsələn, dizlərin içəri yönəlməsi və ayağın içəri çökməsi.
Valideynlər nə vaxt müraciət etməlidir?
- Körpə yaşıdlarına görə başını saxlamaqda, oturmaqda və ya yeriməkdə gecikir
- Bir qolunu və ya ayağını digərindən az istifadə edir
- Əzələləri çox sərtdir və ya əksinə, çox boşdur
- Uşaq davamlı olaraq barmaq ucunda yeriyir, tez-tez yıxılır
- Başı daim bir tərəfə əyilir
- Çiyinlərində, kürəyində və ya belində asimmetriya görünür
Proqram necə qurulur?
Uşaq ətraflı müayinə olunur, çatışmayan bacarıqlar müəyyənləşdirilir və ailə ilə birlikdə real hədəflər qoyulur. Proqram uşağın yaşına və imkanlarına uyğunlaşdırılır. Valideynlərə evdə davam etdiriləcək məşqlər öyrədilir. İnkişaf dövri nəzarət qəbullarında izlənir, plan buna görə yenilənir.
Suallar
Uşağım barmaq ucunda yeriyir. Narahat olmalıyam?
Yerimə yenicə başlanan dövrdə qısa müddətli barmaq ucunda yeriş ola bilər. Bu davamlıdırsa, bir tərəfdədirsə və ya əzələ sərtliyi, inkişaf gecikməsi, tez-tez yıxılma ilə müşayiət olunursa, həkim müayinəsi lazımdır.
Tonus pozğunluğu olan körpəyə masajı özümüz edə bilərikmi?
Tonus pozğunluğu, doğuş travması və ya inkişaf gecikməsi olan körpədə hər hansı masaj və məşq üsulu yalnız həkim müayinəsindən sonra seçilməlidir. Hansı hərəkətlərin edilməli, hansılarının edilməməli olduğu müayinədə valideynlərə göstərilir.