Spastiklik nədir və niyə müalicə olunur?
Spastiklik beyin və ya onurğa beyni zədələndikdə əzələlərin həddindən artıq yığılması və sərtləşməsidir. Uşaqlarda barmaq ucunda və ya dizi bükük vəziyyətdə yeriş, böyüklərdə qolun bükülü qalması, yeriyərkən ayağın sürünməsi ilə özünü göstərə bilər. Uzun müddət davam etdikdə oynaqlarda hərəkət məhdudluğu, ağrı və deformasiya riski artır.
Kimlər üçün nəzərdən keçirilir?
- Serebral iflicli uşaqlar: barmaq ucunda yeriş, bükük diz yerişi, qol və əldə tonus artımı
- İnsultdan sonra qolda və ya ayaqda spastiklik yaranan xəstələr
- Yeriş distoniyası kimi hərəkət pozğunluqlarında müəyyən əzələ qruplarında tonus artımı
Müalicə spastikliyin bir və ya bir neçə əzələ qrupunda cəmləşdiyi hallarda daha məqsədəuyğundur. Qərar müayinədən sonra, ailə və ya xəstə ilə hədəflər razılaşdırılaraq verilir: yerişi yaxşılaşdırmaq, oturmanı rahatlaşdırmaq, gigiyenanı asanlaşdırmaq, ağrını azaltmaq.
Proses necə qurulur?
- Qiymətləndirmə. Hansı əzələlərdə tonusun artdığı, oynaq hərəkət həcmi və yeriş qiymətləndirilir.
- Əzələlərin və dozanın seçilməsi. Məsələn, barmaq ucunda yerişdə baldır əzələləri, bükük diz yerişində budun arxa əzələləri (hamstrinq) hədəf ola bilər.
- İnyeksiya. Əzələ ultrasəslə müəyyən edilir və dərman həmin əzələyə yeridilir.
- Fizioterapiya. İnyeksiyadan sonra dartılma (streçinq), güc və yeriş məşqləri, lazım olduqda ortez və ya şina. Tonus azalan dövrdə bu məşqlər əzələnin uzunluğunu və funksiyasını artırmaq imkanı verir.
Təsiri nə qədər davam edir?
Təsir adətən ilk həftələrdə başlayır və müvəqqətidir. Çox vaxt bir neçə ay davam edir. Təkrar inyeksiyaya ehtiyac olub-olmadığını həkim nəzarət müayinəsində qiymətləndirir.
Təhlükəsizlik
Botulinum toksini tibbi məqsədlə, çəkiyə və əzələlərə görə hesablanmış dozada tətbiq olunur. İnyeksiya yerində ağrı, qançır və seçilmiş əzələdə gözləniləndən çox zəiflik ola bilər. Çox nadir hallarda udma və ya nəfəs çətinliyi kimi ümumi təsirlər baş verir. Belə əlamətlər təcili müraciət tələb edir. Bütün bu risklər prosedurdan əvvəl ətraflı izah olunur.
Çənə sıxma (bruksizm)
Dişlərin istəmədən sıxılması və qıcırdanması çeynəmə əzələlərində gərginlik, çənə oynağında narahatlıq, baş və boyun ağrıları ilə müşayiət oluna bilər. Belə hallarda fizioterapiya məşqləri tətbiq olunur. Bəzi xəstələrə çeynəmə əzələsinə botulinum toksini inyeksiyası da təklif oluna bilər. Dişlərin aşınması və dişləmin qiymətləndirilməsi üçün stomatoloq müayinəsi də lazımdır.
Suallar
Botoks yalnız estetik məqsədlə istifadə olunur?
Xeyr. Botulinum toksini uzun illərdir nevrologiya və reabilitasiyada spastikliyin müalicəsində istifadə olunur. Estetik tətbiqdən fərqli olaraq burada məqsəd hərəkəti və gündəlik funksiyanı yaxşılaşdırmaqdır.
İnyeksiyadan sonra məşqlər nə üçün vacibdir?
İnyeksiya tonusu müvəqqəti azaldır. Əzələnin uzunluğunu və hərəkət vərdişlərini isə məşqlər dəyişir. Fizioterapiya olmadan inyeksiyanın faydası məhdud qalır.