Manual terapiya hansı hallarda tətbiq olunur?
- Mexaniki bel və boyun ağrıları
- Çiyində hərəkət məhdudluğu: subakromial sıxışma sindromu, adheziv kapsulit
- Travma və ya uzun immobilizasiyadan (gipsdən) sonra oynaq sərtliyi, məsələn, dirsək kontrakturası
- Əzələ spazmı və miofasial ağrı
Manual terapiya hər problemi həll edirmi?
Xeyr. Manual terapiya mexaniki onurğa və oynaq ağrılarında istifadə olunan üsullardan biridir, amma hər şeyi təkbaşına müalicə etmir. Samir Cəlilovun yanaşmasında xəstə bütöv qiymətləndirilir və manual terapiya məşq proqramı və fizioterapiya ilə birlikdə tətbiq olunur. Mobilizasiya ilə əldə olunan hərəkət həcmi məşqlərlə qorunmalıdır.
Kimlərə uyğun deyil?
Sınıq və ya sınıq şübhəsi, ağır osteoporoz, onurğada şiş və ya infeksiya, ayaqlarda getdikcə artan güc itkisi, qanaxma riski yüksək olan vəziyyətlər manual terapiyaya maneədir. Bu səbəbdən müayinəsiz manual terapiya aparılmır.
Quru iynələmə nədir?
Quru iynələmədə nazik steril iynə əzələdəki gərgin və ağrılı nöqtəyə (tətik nöqtəyə) daxil edilir. Məqsəd əzələ gərginliyini və ağrını azaltmaqdır. Əsasən boyun, kürək və bel nahiyəsində əzələ spazmı ilə gedən ağrılarda məşq proqramı ilə birlikdə istifadə olunur. Prosedurdan sonra bir-iki gün əzələdə ağrı və kiçik qançır ola bilər.
Ağrılı nöqtəyə yerli keyləşdirici yeridilməsi lazım olduqda tətik nöqtə inyeksiyası və ya nevral terapiya seçilir (İnyeksiya müalicələri səhifəsinə baxın).
Suallar
Manual terapiya zamanı oynaqdan səs gəlməsi vacibdirmi?
Xeyr. Eşidilən "şıqqıltı" oynaqdakı təzyiq dəyişikliyi ilə bağlıdır və müalicənin uğurlu olduğunu göstərmir.
Neçə seans lazımdır?
Seansların sayı diaqnozdan və müalicəyə cavabdan asılıdır. Nəzarət müayinəsində hərəkət həcmi və ağrı yenidən qiymətləndirilir, plan buna görə dəyişdirilir.